Azərbaycan prezidenti İlham Əliyev tükdilli ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığını zəruriu hesab edir.
“Mən Türk Dövlətləri Təşkilatı çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşmışam. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar”, - Əliyev cümə günü Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, bütün türkdilli ölkələrlə münasibətlər Azərbaycan üçün prioritetdir və əmindir ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü TDT ölkələrinin birliyini bir daha təsdiq edəcək.
“Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. Hesab edirəm ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq”, - Əliyev deyib.
“Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq. Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək”, - prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir.
“Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq”, - Əliyev deyib.
O vurğulayıb ki, Azərbaycan öz tərəfindən təşkilata daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcək, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı dəstəkləyəcək.
“Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər”, - prezident bəyan edib.
“Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik”, - Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov