Son iki il ərzində Azərbaycanda Ermənistan tərəfindən yerləşdirilən mina partlaması nəticəsində 261 nəfər həlak olub və xəsarət alıb. Bu barədə Azərbaycanın Fransada yeni təyin olunmuş səfiri Leyla Abdullayeva məlumat verib.
“Ermənistan tərəfindən yerləşdirilən piyada əleyhinə minanın daha bir günahsız qurbanı. 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı (mina partalaması nəticəsinə həlak olan və xəsarət alan - İF) 261-ə çatıb!”, - Abdullayeva şənbə günü Twitter hesabında yazıb.
Daha əvvəl Laçın Rayon Prokurorluğu cümə günü Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Suarası kəndində mina partlaması nəticəsində iki nəfərin xəsarət aldığı barədə məlumat verib.
Şənbə günü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verib ki, xəsarət alan şəxslərdən biri vəfat edib. “Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsəvər Həmidov həlak olub”, - məlumatda deyilir.
Qeyd olunub ki, 1977-ci il təvəllüdlü Səbuhi Həsənov bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
Xəbər verildiyi kimi, son 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış mina partlaması zamanı xəsarət alan və həlak olan şəxslərin sayı 3 min 300 nəfərdən çoxdur. Onlardan 250 nəfərdən çoxu 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra minaya düşüb. **
R.Kərimov