Azərbaycan 2022-ci ilin yanvar-avqust aylarında dünya bazarlarına 2 min 409,36 kq qızıl ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İxrac olunmuş qızılın dəyəri $109 milyon 781,39 min (azalma 21,6%) təşkil edib.
Azərbaycan $2 milyon 621,79 min dəyərində (artım 60,2%) 3 min 714,72 kq gümüş (artım 75,5%) ixrac edib.
Qızıl və gümüş ixracının bütün həcmi İsveçrənin payına düşüb.
Azərbaycan 2021-ci ildə dünya bazarlarına $202 milyon 523,33 min dəyərində (artım 3,4%) 6 min 83,17 kq qızıl (2020-ci ilin göstəricisi ilə müqayisədə artım 42,4%) ixrac edib.
Azərbaycandan $2 milyon 205,75 min dəyərində (azalma 2,2%) 2 min 981,1 kq gümüş (azalma 12,7%) ixrac edilib.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC də qızıl hasilatı həyata keçirir.*
N.Abbasova