Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub.
“İnterfaks-Azərbaycan” dövlət başçısının saytına istinadən məlumat verir ki, sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib. “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabda XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsmi yer alıb.
Müəlliflər qrupunun rəhbəri professor Eldar Nadiradze qeyd edib ki, bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb.
Fotolar arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar var.
Sərgidə Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.
Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunan, mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək. **
X.Nəsirzadə