Oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar ölkəmizin Moskvadakı səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərib.
Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.
Səfirlik XİN-in diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.
Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.*
B.Rüstəmbəyov