2050-ci ilədək Azərbaycanın neft sektorunda ÜDM-in xüsusi çəkisi 2020-ci ildəki 29,5%-dən 10%-ə qədər azalacaq. Dünya Bankının (DB) analitikləri belə hesab edirlər.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bankın qiymətləndirmələrinə əsasən, ölkədə neft hasilatının azalması tendensiyası növbəti illərdə də davam edəcək. Bundan başqa, 2050-ci ilə qədər dünyada neftə tələbat bir qədər azalacaq.
Eyni zamanda, Azərbaycan 2050-ci ilə qədər qaz hasilatını artıracaq. Həmçinin Avropada Azərbaycan qazının ixrac coğrafiyasının genişləndirilməsi üçün yaxşı potensial mövcuddur. Bu baxımdan TAP qaz kəməri Qərbi Balkanlara genişləndirilə bilər.
Bankda hesab edirlər ki, gələcəkdə Azərbaycanın boru kəməri qazı mayeləşdirilmiş təbii qazla rəqabət aparmalı olacaq və nəticədə Azərbaycan qazının qiyməti bir qədər ucuzlaşacaq.
DB-nin qiymətləndirmələrinə görə, 2050-ci ilə qədər Azərbaycanın qeyri-neft sektorunda ÜDM-in orta illik artımı baza ssenarisi üzrə 1,6% təşkil edəcək. 2024-2050-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı baza ssenarisi üzrə 0,5% səviyyəsində olacaq. Adambaşına düşən ÜDM 2020-ci ildəki $5,9 mindən 2050-ci ildə $6,5 minədək artacaq.
“Azərbaycan hökuməti tərəfindən iddialı islahatlar paketinin həyata keçirilməsi iqtisadi artım tempini sürətləndirə bilər. Bu islahatlar iqtisadiyyatda özəl investisiyaların həcminin artırılmasına, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və digər məqsədlərə yönəldilməlidir. Bu cür kombinə edilmiş islahatlar hesabına uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi artım tempi ildə 1,5%-i ötə bilər”, - deyə DB-nin analitikləri hesab edirlər.
Kombinə edilmiş islahatlar hesabına 2050-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM $10,213 minə (2020-ci ildə $5,9 min) çata bilər.*
A.Əzizov