2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 534,63 milyon kubmetr səmt qazı hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə məlumat verib.
“Hesabat dövründə Azərbaycanın neft yataqlarından 11 milyard 534,63 milyon kubmetr səmt qazı hasil edilib ki, bunun da 3 milyard 257,36 milyon kubmetri (artım 3,2%) əmtəəlik qazın payına düşüb”, - deyə mənbə bildirib.
Azərbaycan üzrə qaz hasilatının ümumi həcmində 33,5% səmt qazının, 22 milyard 867,95 min kubmetr və ya 66,5% isə təbii qazın (artım 16,9%) payına düşüb.
2021-ci ildə Azərbaycanda 15 milyard 65,6 milyon kubmetr səmt qazı (artım 13,9%), 28 milyard 797,9 min kubmetr təbii qaz (artım 20,5%) hasil edilib.
Səmt qazının əsas həcmi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilir, onun böyük hissəsi təzyiqin saxlanılması üçün yenidən laylara vurulur, qalan həcm (əmtəəlik qaz) isə SOCAR-a təmənnasız olaraq verilir.
Hazırda Azərbaycanda təbii qazın böyük hissəsi “Şahdəniz” yatağından hasil edilir.*
N.Abbasova