Azərbaycan və Türkiyə 2021-ci ilin mart ayından qüvvədə olan Preferensial Ticarət Sazişinin çərçivəsini genişləndirə bilər. Dünya Bankının (DB) analitikləri belə hesab edirlər.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bankın qiymətləndirmələrinə görə, hazırda saziş çərçivəsində Türkiyə Azərbaycanda istehsal olunan 15 adda məhsulun, əsasən kənd təsərrüfatı və emal məhsullarının bazara rüsumsuz çıxışını təmin edir. Öz növbəsində, Azərbaycan Türkiyənin 15-ə yaxın adda məhsulunun öz bazarına rüsumsuz çıxışını təmin edir.
“Preferensial Ticarət Sazişi malların bazara çıxışını genişləndirməklə yanaşı, digər istiqamətləri də əhatə edə bilər, məsələn, investisiyaların, iş yerlərinin yaradılmasının, iqtisadi artımın və xidmət ticarətinin də təşviqi mümkündür”, - deyə DB-də hesab edirlər.
Bundan başqa, sazişin genişləndirilməsi Azərbaycanın istehsal etdiyi və ya başqa ölkələrə ixrac etdiyi digər məhsulları, o cümlədən emal məhsullarını da əhatə edə bilər.
Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyənin dövlət qurumları Preferensial Ticarət Sazişinin çərçivəsinin genişləndirilməsi məsələsini müzakirə edir.*
A.Əzizov