Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirib, turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a DTA-ya istinadən məlumat verir.
Görüşdə Nağıyev Qevaraya işğaldan azad edilən ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun - İF) turizm potensialı və DTA tərəfindən Qarabağda aparılan qiymətləndirmələr əsasında hazırlanan layihələrdən bəhs edib.
O, həmçinin 2019-cu ilin rəqəmləri ilə müqayisədə turizmin təxminən 50% bərpa olunduğunu, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirildiyini bildirib.
Öz növbəsində, ABŞ-nin müvəqqəti işlər vəkili qeyd edib ki, Azərbaycanda müasirlik və tarixiliyin uğurla vəhdət təşkil etdiyini vurğulayaraq amerikan turistlər arasında Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib.
Qevara Azərbaycanda zəngin tarixi-mədəni irs, təbiət, etnik və dini müxtəliflik, stabillik, çoxçeşidli turizm imkanları kimi amillərin mövcudluğunu, Azərbaycanın turizmin inkişaf etdirilməsi üçün geniş potensiala malik olduğunu qeyd edib.
O bildirib ki,Amerika şirkətləri Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlıdır.
“Görüşdə birbaşa uçuşlar, xüsusilə kənd turizmi, aqroturizm və qastroturizm imkanlarının inkişafına yönəlmiş layihələr haqqında fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır. **
X.Nəsirzadə