Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq ikitərəfli problemləri həll etməyin və davamlı sülhə nail olmağın açarıdır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.
“Dövlət katibinin (Entoni Blinken – İF-Az) də vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqik. Biz hər iki ölkənin liderlərini onlar üçün ən faydalı olan formatda görüşməyə dəvət etmişik. Hesab edirik ki, birbaşa dialoq problemlərin həllinin və davamlı sülhə nail olmağın açarıdır. Məhz buna görə də dövlət katibi Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirdi”, - deyə o bildirib.
Prays, həmçinin Azərbaycan, RF və Ermənistan liderlərinin üçtərəfli saamitini də şərh edib. “Prezident Putinin dəvətinin davamlı sülhə nail olmaq üçün Ermənistana və Azərbaycana faydalı olub-olmayacağına son nəticədə bu iki ölkə qərar verməlidir”, - deyə Dövlət Departamentinin sözçüsü qeyd edib.
O, ABŞ-ın Cənubi Qafqaz ölkələrinin suverenliyinə və müstəqilliyinə böyük dəstək verdiyini vurğulayıb.
“1991-ci ildə Ermənistanın, Azərbaycanın və Gürcüstanın müstəqilliklərini bərpa etməsi bu ölkələrin hər birinin Moskvadan və ya başqa ölkədən asılı olmayaraq, öz xarici siyasət maraqlarını həyata keçirmək hüququnu təmin edən əsas hadisə idi”, - deyə Prays hesab edir.
O, Qərb ölkələrinin, xüsusilə ABŞ-ın Azərbaycan-Ermənistan məsələsinin həllində özünü reklam etməsi ilə bağlı ittihamları rədd edib. “Vaşinqtonun yeganə məqsədi hərtərəfli və davamlı sülhün əldə edilməsi və nəticə etibarilə insanların həyatını xilas etmək üçün Bakı və İrəvanın birgə işləməsinə kömək etməkdir”, - deyə Dövlət Departamentinin sözçüsü bəyan edib.*
R.Kərimov