2022-ci ilin yanvar-sentyabr aylarında “Günay Bank”ın aktivləri 13% - 289,895 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın sonuna bankın kredit portfeli 206,33 milyon manat (artım 3,3%), o cümlədən biznes kreditləri 124,332 milyon manat (azalma 1%), daşınmaz əmlak kreditləri 79,617 milyon manat (artım 11,2%) təşkil edir.
Bankın öhdəlikləri 222,151 milyon manata (artım 16,4%), depozitləri 116,59 milyon manata (artım 24,6%), o cümlədən əhalinin əmanətləri 72,694 milyon manata (artım 13,6%) bərabərdir.
“Günay Bank”ın kapitalı 67 milyon 743,3 min manat (artım 3,2%), nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 616,34 min manat təşkil edib ki, bu da 2021-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 1,5 dəfə çoxdur.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
X.Nəsirzadə