Yaxın vaxtlarda Qoşulmama Hərəkatı (QH) çərçivəsində təhsil nazirlərinin, informasiya və kommunikasiya texnologiyasına, iqtisadiyyat və ətraf mühit sahəsində cavabdeh qurum rəhbərlərinin iclaslarının keçirilməsi planlaşdırılır. Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üç illik dövrü barədə yaydığı açıqlamada deyilir.
“Hərəkata üzv dövlətlər arasında tərəfdaşlığı və həmrəyliyi artırmaq, eləcə də əməkdaşlığın indiyə qədər aşkar edilməmiş istiqamətlərini ortaya çıxarmaq üçün bir çox sahəvi nazirlər iclasları, o cümlədən əmək və səhiyyə nazirlərinin görüşləri keçirilib. Yaxın vaxtlarda təhsil nazirlərinin, informasiya və kommunikasiya texnologiyasına, iqtisadiyyat və ətraf mühit sahəsində cavabdeh qurum rəhbərlərinin də iclaslarının keçirilməsi planlaşdırılır”, - deyə açıqlamda bildirilir.
QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.
Azərbaycan 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv olub, 2019-cu ilin oktyabrında təşkilata sədrlik Venesueladan Azərbaycana keçib.*
R.Kərimov