Prezident İlham Əliyev əmindir ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli əlaqələr bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdiriləcək.
Əliyev Rişi Sunakı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.
“Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir”, - deyə dövlət başçısının saytında dərc olunmuş təbrikdə bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, prezident Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd edib.
“Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndiririk. Eyni zamanda, son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində də işbirliyimiz bizi sevindirir. İki il bundan əvvəl işğaldan azad etdiyimiz ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işlərində Birləşmiş Krallığı təmsil edən şirkətlərin iştirakı təqdirəlayiqdir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalan minaların təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni alqışlayırıq”, - deyə təbrikdə vurğulanır.*
B.Rüstəmbəyov