Bakı və Roma arasında çoxölçülü strateji tərəfdaşlıq qurulub. Bunu Prezident İlham Əliyev deyib.
“İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir”, - deyə dövlət başçısı İtaliya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlaması münasibətilə Ciorcia Meloniyə ünvanladığı təbrikdə bildirib.
İ.Əliyev vurğulayıb ki, Bakı xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
“İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir”, - deyə təbrikdə qeyd olunur.
O bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və ikitərəfli əməkdaşlığın prioritet sahələrindən olan enerji sektorunda da səmərəli və məhsuldar birgə fəaliyyət təqdirəlayiqdir.
“İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək”, - deyə İ.Əliyev əlavə edib.*
X.Nəsirzadə