2022-ci il noyabrın 1-dən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı artırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Tarif Şurasının qərarına əsasən, noyabrın 1-dən etibarən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılır, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilir.
Azərbaycanda sözügedən xidmətlərlə bağlı mövcud tariflər 02.12.2013-cü il tarixində qüvvəyə minib və sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manat təşkil edib. Xidmət operatorlarının məlumatlarına əsasən hazırda bir abunəçiyə düşən xərc ƏDV daxil olmaqla 3,96 manat səviyyəsindədir.*
B.Rüstəmbəyov