Azərbaycan Xarici İşlər Nazirliyi çərşənbə günü İranın Şiraz şəhərində törədilmiş və son məlumatlara əsasən 20 nəfərin həlak olduğu terror aktını pisləyib.
“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir” , - XİN-in Twitter hesabında qeyd olunub.
Çərşənbə günü İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. İranın “Mehr” agentliyi hökumətə istinadən məlumat verib ki, nəticədə 20 nəfər həlak olub, onlarla şəxs yaralanıb.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən hücumda şübhəli bilinən iki silahlı şəxs saxlanılıb. **
R.Kərimov