Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri görüş zamanı siyasi, iqtisadi, enerji, investisiya, təhsil və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
“Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, investisiya, təhsil və digər sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Bayramov iqtisadi sahədə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təminatının diversifikasiyasında Azərbaycanın rolundan bəhs edib. Qarabağ və Şərqi Zəngəzurda geniş enerji potensialının mövcudluğu və bu potensialdan səmərəli istifadə üçün Azərbaycan tərəfindən bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Nazir Azərbaycanın investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi bu xüsusda imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərə daim sadiq olduğunu bildirib.
O, həmçinin Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin daha da artırılması üçün imkanların mövcud olduğunu ifadə edib.
Bayramov Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin əhəmiyyətini qeyd edib. Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.
Nazir, həmçinin postmünaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Öz növbəsində, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların mühüm rol oynadığını bildirib. Bu xüsusda, Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsinin tezliklə yekunlaşdırılmasının əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub. **
R.Kərimov