Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Xarici İşlər Nazirliyində Beynəxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, çoxtərəfli əməkdaşlıq münasibətləri, Azərbaycan – Avropa İttifaqı əməkdaşlıq istiqamətləri üzrə, habelə regional vəziyyət barədə müzakirə aparıblar”, - məlumatda deyilir.
Görüş zamanı siyasi, iqtisadi, humanitar, təhsil, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.
Bayramov iqtisadi sahədə, xüsusilə enerji resurslarının diversifikasiyası istiqamətində Azərbaycanın önəmli rolundan bəhs edib.
“Bu xüsusda, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb”, - XİN-in məlumatında qeyd olunur.
Öz növbəsində, Vaskunlahti Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələri qeyd edib.
Eyni zamanda, Vaskunlahti vurğulayıb ki, Helsinki Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üzrə təşəbbüslərini dəstəkləyir.
Həmçinin, tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə