Türkiyə Azərbaycan üçün nəinki qonşu ölkə, həm də tərəfdaşdır, bu səbəbdən Bakı onun layihələrində iştiraka çalışır. Bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Avrasiya İqtisadi Forumu zamanı bəyan edib.
“Bizim bir sıra öhdəliklərimiz var... və, əgər köməklik edə bilsək, o zaman şad olarıq”, - deyə o qeyd edib ki, Azərbaycan həm Türkiyəyə, həm də Aİ ölkələrinə qaz nəql edir.
Həmçinin, Soltanov bildirib ki, ilkin olaraq, öncə Avropa İttifaqında potensial qaz idxalçılarının real tələbatını qiymətləndirmək lazımdır. O vurğulayıb ki, cari ilin yekunları üzrə Azərbaycan Avropaya 11,5 milyard kubmetrə yaxın qaz nəql etməyi ümid edir və əlavə edib ki, perspektivdə həcmlər hasilatın artırılması hesabına iki dəfə arta bilər.
“Proqnoz göstəricilər artır, və daxili ehtiyatlara əsaslanaraq biz 20 milyard kubmetr ixrac həcminə çata bilərik (illik Avropa ölkələrinə - İF). Həmçinin, yeni enerji mənbələrinə keçid siyasəti hesabına qaz ixracı həcmləri arta bilər”, - nazir müavini məlumat verib.
Eyni zamanda, Soltanov qazıntı yanacağının hasilatına investisiya cəlb edilməsi problemini qeyd edib. Onun sözlərinə görə, Azərbaycana təxminən $14 milyard lazımdır. “Bu ciddi vəsaitdir. Bu məbləğin heç tapılmaması da mümkündür, lakin bu enerji ehtiyaclarının təmin edilməsi və ödənilməsi prosesinin mürəkkəbliyini göstərir. (...) Biz görürük ki, tələb artır. Eyni zamanda, hazırki vəziyyətdə iri müəssisələr bu sahəyə çox da yatırım etmək istəmirlər”, - Soltanov deyib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycandan ümumi qaz ixracı 19 milyard kubmetr təşkil edib. Bunun 8,2 milyard kubmetri Avropaya, qalanı isə Gürcsütan və Türkiyəyə nəql olunub. **