Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892 milyon 206,306 min manat ianə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9 milyon 198,829 min manat maliyyə gəliri əldə edib.
“PwC Azərbaycan”ın apardığı audit yoxlamalarının nəticələrinə əsasən, 2021-ci ildə Fondun ümumi gəlirləri 901 milyon 405,135 min manat təşkil edib.
Ötən il Qarabağ Dirçəliş Fondunun ümumi, inzibati və sair əməliyyat xərcləri 533,265 min manata bərabər olub.
Fondun maliyyə aktivləri üzrə dəyərsizləşmə zərəri 10 milyon 351,326 min manat təşkil edib.
Vergidən əvvəlki mənfəət 890 milyon 71,844 min manat, mənfəət vergisi xərci 1 milyon 728,715 min manat, 2021-ci il üzrə mənfəət 888 milyon 343,129 min manat, məcmu gəlir 889 milyon 343,129 min manat olub.
Prezident İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb. Nizamnamə kapitalı 1 milyon manat olan Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir.*
B.Rüstəmbəyov