“Gəncə İlməçi” şirkəti “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın (90,86%) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinin qalibi olub. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 7,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 22 milyon manat olan iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və s.) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, habelə müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq.
İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və s.) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaq. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.
“Gəncə Xalça Kombinatı”nın kapitalında dövlətin payı 12 milyon 956,5 min manat təşkil edirdi. Cəmiyyətin nizamnamə kapitalı 14,26 milyon manat məbləğində olub.
2022-ci il avqustun 1-nə müəssisənin debitor borcu 152,866 min manat, öhdəlikləri isə 447,543 min manat təşkil edib.*
B.Rüstəmbəyov