Baş nazir Əli Əsədov bildirib ki, Bakı MDB ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir, 2022-ci ildə Birlik ölkələri ilə ticarət dövriyyəsi 30% artıb.
Oktyabrın 28-də Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edən Ə.Əsədov qeyd edib ki, qlobal sosial-iqtisadi çağırışlar və onların mənfi nəticələrinin aradan qaldırılmasının zəruriliyi şəraitində Azərbaycan Respublikası MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət səviyyəsində məhsuldar sıx təmasların davam etdirilməsinə böyük önəm verir.
Onun sözlərinə görə, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir. “Bizim demək olar ki, bütün üzv ölkələrlə sıx iqtisadi əlaqələrimiz var. Sevindirici haldır ki, pandemiya zəiflədikcə Azərbaycanın MDB-yə üzv olan dövlətlərlə xarici ticarətinin həcmində artım müşahidə olunur. Belə ki, bu il ticarət dövriyyəsi 30% artıb”, - deyə Ə.Əsədov bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, baş nazir nəqliyyat sektorunda əməkdaşlığın mühüm əhəmiyyətini vurğulayıb.
Ə.Əsədov qeyd edib ki, Azərbaycanda milli iqtisadiyyatın intensiv inkişaf edən və perspektivli seqmenti kimi nəqliyyat sektoruna xüsusi diqqət yetirilir. “Azərbaycan öz nəqliyyat potensialını fəal şəkildə inkişaf etdirməklə “Şimal-Cənub”, “Şərq-Qərb”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin həyata keçirilməsinə mühüm töhfə verir”, - deyə o əlavə edib.*
R.Əhmədov