BOKT “Embafinans” QSC 1,5 milyon manatlıq istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
27 oktyabr 2022-ci il tarixində BOKT “Embafinans” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 1,5 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 1 il, illik faiz dərəcəsi 10%-dir (kupon faizlərinin ödəniş müddəti hər üç təqvim ayından bir həyata keçiriləcək).
“Embafinans” istiqrazların yerləşdirilməsindən cəlb etdiyi vəsaiti kredit portfelinin genişləndirilməsinə yönəldəcək.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Hazırda BOKT-un 7 milyon manatlıq istiqrazları tədavüldədir.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin səhmdarları 3 fiziki şəxsdir, nizamnamə kapitalı 10 milyon manata bərabərdir. 2022-ci il iyunun 30-na “Embafinans”ın aktivləri 38,2 milyon manata, kredit portfeli 34 milyon manata, öhdəlikləri 23,4 milyon manata bərabərdir. 2022-ci ilin 6 ayı ərzində BOKT-un xalis mənfəəti 2,2 milyon manat təşkil edib. “Embafinans” 2012-ci ildən indiyədək 380 milyon manatdan artıq məbləğdə kredit verib, problemli kreditlərin xüsusi çəkisi 7%-dir.*
R.Əhmədov