2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 15,9% - 40 milyard 150,4 milyon manata qədər artıb ki, bu da yeni rekord göstəricidir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin sentyabr ayında pul kütləsi 2,78% artıb.
Sentyabrın 30-na pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 12 milyard 301,5 milyon manat təşkil edib, sentyabr ayında 1,08%, yanvar-sentyabr aylarında 12% artım qeydə alınıb.
M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 23 milyard 717,2 milyon manat təşkil edib. Sentyabr ayında 2,82%, 9 ay ərzində 15,3% artım qeydə alınıb.
M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 27 milyard 698,7 milyon manat təşkil edir, sentyabr ayında 2,69%, ilin əvvəlindən 16% artım olub.
Sentyabrın sonuna xarici valyutada depozitlər 12 milyard 451,7 milyon manat təşkil edib, hesabat dövründə 15,6%, sentyabrda 2,98% artım qeydə alınıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2022-ci il avqustun sonuna olan 30,9%-ə qarşı sentyabrın 30-na 31% təşkil edir.*
A.Əzizov