30 sentyabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri rekord səviyyəyə - 43 milyard 633,4 milyon manata çatıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 13,4% artıb.
Sentyabrda bankların aktivləri 2,9% və ya 1 milyard 228,7 milyon manat artıb.
Sentyabrın sonuna bankların kredit portfeli 19 milyard 157,2 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 15% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 345,1 milyon manat (artım 7,6%) təşkil edir.
Bankların öhdəlikləri 38 milyard 288,3 milyon manata (artım 14,3%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 270,9 milyon manat məbləğində (azalma 15,1%) qiymətləndirilir. Banklarda depozit portfeli 31 milyard 373,7 milyon manat (artım 16,5%), o cümlədən əhalinin əmanətləri 10 milyard 993 milyon manat (artım 21,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında bankların ümumi xalis mənfəəti 683,2 milyon manat təşkil edib (2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 35,1%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 956,6 milyon manat (artım 26,6%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 597,3 milyon manat (artım 28,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 869,9 milyon manat məbləğində (artım 39,2%) olub.
Bu dövrdə bankların faiz xərcləri 467,4 milyon manat (artım 17,7%), o cümlədən depozitlər üzrə 324,4 milyon manat (artım 23%), qeyri-faiz xərcləri 1 milyard 345,1 milyon manat (artım 31,8%) təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 976,9 milyon manat (artım 35%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 840,1 milyon manat (artım 40,2%), mənfəət vergisi üzrə ödənişlər 157 milyon manat (artım 68,8%) məbləğində qiymətləndirilir.
30 sentyabr 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 481 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) və 93 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 22,116 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,8%) çalışır.*
X.Nəsirzadə