Rusiya Azərbaycana və İrana Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutu üzrə logistika operatorunun yaradılmasını təklif edir. Bunu Rusiya Federasiyası baş nazirinin birinci müavini Andrey Belousov deyib.
“Bu gün dəhlizin inkişafı həlledici dərəcədə Rusiyanın Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyətindən və ölkələrimizin İranla münasibətindən asılıdır. Biz gözləyirik ki, 2030-cu ilə qədər Rusiya yüklərinin həcmi Şimal-Cənub dəhlizi boyunca bütün 3 qolda demək olar ki, iki dəfə - indiki 17 milyon tondan 30 milyon tonadək artacaq. Lakin artımın yarıdan çoxunu öz üzərinə götürəcək əsas perspektivi biz ilk növbədə, Azərbaycandan keçən qərb marşrutunda görürük”, - deyə Belousov bildirib.
“Biz bütün qərb marşrutu üzrə üç ölkənin Rusiya-Azərbaycan-İran müştərək operatorunun yaradılması imkanını nəzərdən keçirməyi təklif etmək istərdik. Bu, nəqliyyat xidməti və yüksək səviyyəli logistika xidmətlərini təmin edə bilər”, - deyə o qeyd edib.
Öz növbəsində, RF nəqliyyat nazirinin müavini Valentin İvanov bildirib ki, nazirlik Azərbaycan, İran və Rusiya ərazisindən tranzitlə bağlı bütün məsələlərin keyfiyyətlə və vaxt itkisi olmadan bir pəncərə prinsipi ilə həllinin təmin edilməsi üçün vahid logistika operatorunun yaradılmasını məqsədəuyğun hesab edir.
“Bu logistika operatorunun yaradılmasının üçtərəfli hökumətlərarası sazişimizdə əks olunmasını zəruri hesab edirik. Artıq Azərbaycandan olan həmkarlarımızla bu istiqamətdə iş aparılır, İranla üçtərəfli sazişin bu konsepsiyasını hazırlamışıq, indi onun razılaşdırılması üzərində işləyirik”, - deyə o əlavə edib.*