Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
“Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb”, - deyə təbrikdə bildirilir.
İ.Əliyev qeyd edib ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. O, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin birgə səylərlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəyinə əminlik ifadə edib.
“Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir”, - deyə təbrikdə vurğulanır.*
N.Abbasova