Noyabrın 1-də Seulda keçirilməsi planlaşdırılan “Muğam axşamı” şəhərdə Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 150 nəfərdən çox insanın həlak olması ilə əlaqədar milli matəmin elan olunması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.
“Seuldakı səfirlik tərəfindən “Şuşa ili” çərçivəsində noyabrın 1-də keçirilməsi planlaşdırılan tədbir Cənubi Koreyada noyabrın 5-dək davam edəcək milli matəmlə əlaqədar təxirə salınıb”, - deyə diplomatik nümayəndəliyin “Twitter” hesabında qeyd olunub.
Bildirilib ki, tədbirin keçiriləcəyi tarix barədə daha sonra məlumat veriləcək.
Xatırladaq ki, oktyabrın 29-da Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 151 nəfər həlak olub. Həyatını itirənlər arasında İran, Özbəkistan, Çin və Norveç vətəndaşları da var. Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən verilən məlumata görə, ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması barədə məlumat daxil olmayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Seul şəhərində baş vermiş insan tələfatı ilə bağlı Koreya hökumətinə və xalqına başsağlığı verib.*
R.Kərimov