Prezident İlham Əliyev Seulda yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.
“Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Qeyd edək ki, oktyabrın 29-da Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 151 nəfər həlak olub. Həyatını itirənlər arasında İran, Özbəkistan, Çin və Norveç vətəndaşları da var. Azərbaycanın Cənubi Koreyadakı səfirliyinə xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.*
R.Kərimov