2022-ci ilin yanvar-sentyabr aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 264,5 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-sentyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($453,7 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($95,8 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: “SOCAR Polymer” MMC ($146,3 milyon), “Azəralüminium” MMC ($102,2 milyon), “AzerGold” QSC ($73,5 milyon),“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($50,5 milyon), “Azərenerji” ASC ($35,7 milyon), “Azərbaycan Hava Yolları” QSC ($6,1 milyon), “Azəripək” MMC ($1,3 milyon), Geofizika və Geologiya İdarəsi ($0,8 milyon) və “Naxçıvan MR Dövlət Energetika Xidməti” ($0,7 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($76,4 milyon), “STP Alüminium” MMC ($28,2 milyon), “Baku Steel Company” MMC ($31,1 milyon), “P-Aqro” MMC ($27,8 milyon), “Almeyvə” MMC ($28,4 milyon), fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($27,8 milyon), “Mors Trading” MMC ($29,2 milyon), “Roze Servis” MMC ($25,3 milyon) və “Şimal Aqropark” MMC ($23,7 milyon) daxildir.
Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında $2,1 milyard məbləğində qeyri-neft məhsulları (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 17%) ixrac edib.**
N.Abbasova