2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,1 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($147,1 milyon, azalma 1,6%), karbamid ($163,5 milyon, artım 3,3 dəfə), pomidor ($134,3 milyon, artım 4,8%), qızıl ($128,3 milyon, azalma 18,9%), metanol ($104 milyon, artım 2,1 dəfə), ilkin formalı polipropilen ($72,4 milyon, azalma 16,7%), ilkin formalı polietilen ($70,6 milyon, azalma 1,8%), meşə fındığı ($70,7 milyon, artım 26,4%) və polimerləşmədə ilkin formalı maddələrin ($65,5 milyon, artım 27,4%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($602,2 milyon, artım 2,7%), Türkiyə ($511,6 milyon, artım 12,4%), Gürcüstan ($144,6 milyon, artım 20%), İsveçrə ($136,3 milyon, azalma 21,7%) və ABŞ ($63,8 milyon, artım 16,4%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 24,3%-i Türkiyənin, 28,7%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov