“Azərkosmos” ASC 2022-ci ilin yanvar-sentyabr aylarında peyklərin kommersiya istismarından $19,3 milyon məbləğində gəlir əldə edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” peyklərin kommersiya istismarından $32,3 milyon məbləğində gəlir əldə edib.
Beləliklə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində gəlirlərin həcmi 40,2% azalıb.
Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82%-ni təşkil edib. Bu dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya ($5 milyon), Fransa ($3,9 milyon), Lüksemburq ($3,3 milyon), BƏƏ ($1,8 milyon) və Pakistan ($1,1 milyon) qərarlaşıb.
2022-ci ilin sentyabr ayında “Azərkosmos” dünyanın 35 ölkəsinə $2,1 milyon dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC 2021-ci ildə peyklərin kommersiya istismarından $45,3 milyon məbləğində gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 0,4% çoxdur.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
B.Rüstəmbəyov