Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağ münaqişəsi artıq tarixdir və bu baxımdan müzakirə edilməli məsələ yoxdur.
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik", - Əliyev bazar ertəsi Soçidə rusiyalı həmkarı Vladimir Putin ilə görüşdə deyib.
Əliyev iki il əvvəl Qarabağ münaqişəsinin həllinə verdiyə töhfəyə görə Putinə minnətdarlığını bildirib, “üçtərəfli bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu”.
“İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib”, - Əliyev qeyd edib.
Əliyev əlavə edib ki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. "Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”, - prezident vurğulayıb. **
X.Nəsirzadə