RF prezidenti Vladimir Putin məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıqların yekunlarına dair birgə bəyanatı razılaşdırmaq mümkün olub, lakin onun bəzi fraqmentləri layihədən çıxarılmalı oldu.
“Biz bu gün birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm: hər şeyi razılaşdırmaq mümkün olmayıb, bəzi şeylər öncədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı oldu”, - Putin üçtərəfli sammitin rəsmi hissəsini açarkən deyib.
Bundan əvvəl üç dövlətin liderləri mətbuatsız, qeyri-formal şəraitdə söhbət ediblər.
Putin vurğulayıb: “Buna baxmayaraq, mən ümumi qiymətləndirmə ilə razıyam ki, görüş faydalı idi və bu, bütövlükdə vəziyyətin həlli istiqamətində gələcək addımlar üçün şərait yaradır”.
“Mən «bütövlükdə» deyərkən, həm indiki hadisələri, həm də iki il əvvəl baş vermiş hadisələri nəzərdə tuturam (...) Bugünkü müzakirə göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik ", - RF prezidenti bildirib.
O izah edib ki, həm Rusiya, həm Azərbaycan, həm Ermənistan, həm də regionun bütün ölkələrini nəzərdə tutur, çünki, Putinin sözlərinə görə, “bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar”.
“Öz tərəfindən Rusiya son və hərtərəfli həllin əldə olunması üçün əlindən gələn hər şeyi edəcək”, - deyə Rusiya lideri söz verib və “bugünkü müzakirəyə görə” Əliyev və Paşinyana təşəkkür edib.
RF prezidentinin sözlərinə görə, tərəflər “nöqtəni qoymaq üçün (...) təmasda olacaqlar, bu dialoqu davam etdirəcəklər”. **