2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişinin 200 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə nəzərdə tutulub. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu göstərici Hesablama Palatasının Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
2023-cü ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend gəlirləri 2021-ci ilin icra göstəricilərinə nisbətdə 2,5 dəfə, 2022-ci ilin proqnoz göstəricilərinə nisbətdə isə 3 dəfə artım olmaqla 321,2 milyon manat məbləğində proqnozlaşdırılıb.
2023-cü ilin dövlət büdcəsi layihəsində dividend ödənişinin 100 milyon manatı “Azərbaycan Beynəlxalq Bankı” ASC, 15 milyon manatı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5 milyon manatı “AzerGold” QSC, 1 milyon manatı “Azər-Türk Bank” ASC, 210 min manatı isə “Aqrarkredit” BOKT üzrə nəzərdə tutulub.
Hesablama Palatasının məlumatına görə, bu mənbə üzrə 2022-ci ilin ötən 8 ayı ərzində 124,7 milyon manat məbləğində vəsait daxil olub ki, bunun da 120,5 milyon manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 milyon manatı "Aqrarkredit" QSC BOKT, 4 milyon manatı isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən dövlət büdcəsinə ödənilib.
2021-ci ildə səhmlərində dövlətin payı olan şirkətlər və banklar tərəfindən dövlət büdcəsinə 127 milyon 24,2 min manat məbləğində ($74,7 milyon) dividend ödənilib ki, bu da 2020-ci ilin göstəricisindən 110,2 dəfə çoxdur.
2021-ci ildə səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən dividend ödənişi üzrə plan 75,6% icra olunub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2021-ci ildə dövlət büdcəsinə 120 milyon 824,2 min manat, “Aqrarkredit” QSC 0,2 milyon manat, “Azərlotereya” ASC 1 milyon manat, ASCO isə 5 milyon manat məbləğində dividend ödəyib.*
A.Əzizov