Ermənistan tərəfinin təkidi ilə 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-də Soçidə üçtərəfli danışıqların yekunları üzrə imzaladıqları bəyanata daxil edilib. Bunu danışıqlarda iştirak etmiş nümayəndə heyətlərindən birindəki mənbə bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə bəyanatında deyilir ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər.
“1991-ci il Alma-Ata Bəyannaməsinə istinad Ermənistan tərəfinin təkidi ilə birgə bəyanata daxil edilib”, - deyə mənbə bildirib.
Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna rəhbərləri tərəfindən imzalanıb. Müstəqilliklərini elan etmiş 12 dövlət bəyannamənin bəndlərindən birində bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanınmağa və hörmət etməyə hazır olduğunu bildirir.
Bununla əlaqədar mənbə qeyd edib ki, Azərbaycan tərəfi İrəvanın Alma-Ata Bəyannaməsinə istinadın birgə bəyanata daxil edilməsi istəyini Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazır olması kimi qiymətləndirib.*