Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib. Bu barədə DTX-nın məlumatında deyilir.
“İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilib, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.
“Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb”, - deyə məlumatda qeyd olunur.
Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.*
B.Rüstəmbəyov