RF-nin təşəbbüsü ilə Soçidə keçirilən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşündən sonra indi Avropa İttifaqının (Aİ) Bakı ilə İrəvan arasında danışıqlarda səmərəli vasitəçilik qabiliyyəti qiymətləndiriləcək. Amerikanın “Stratfor” özəl kəşfiyyat-analitika şirkətində belə hesab edirlər.
“Rusiyanın tərəflərə irəliləməyə kömək edə bilməməsi (31 oktyabr Soçidə - IF) yenidən diqqəti Avropa İttifaqının noyabrda planlaşdırılan Ermənistan-Azərbaycan görüşlərində səmərəli vasitəçi kimi çıxış etmək qabiliyyətinə yönəldəcək”, - “İnterfaks-Azərbaycan” agentliyi “Stratfor”a istinadən məlumat verir.
“Stratfor” diqqəti RF prezidenti Vladimir Putinin Soçidə görüşün yekunlarına dair müzakirələr zamanı “hər şeyi razılaşdırmaq mümkün olmayıb, bəzi şeylər öncədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı oldu” sözlərinə çəkib.
“Stratfor” ehtimal edir ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatından çıxarılan məqamlar “sazişə doğru yolda qalan maneələr” və ya məsələnin həllində “Rusiyanın roluna” aid olub.
“Stratfor”da hesab edirlər ki, Zəngəzur dəhlizi («Azərbaycanın Ermənistan vasitəsilə eksklavı olan Naxçıvana çıxış tələbləri», şirkətdə adlandırılan kimi) və sülh müqaviləsi imzalanarkən Qarabağ məsələsi sual olaraq qalmaqdadır.
“Stratfor” – bəzən “Kölgə Mərkəzi Kəşfiyyat İdarəsi” adlandırılan Amerikanın “Stratfor” özəl kəşfiyyat-analitika şirkətidir. Şirkət dünyada baş vermiş hadisələr barədə məlumatların toplanması və təhlili ilə məşğul olur. **
R.Kərimov