2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı cari 6%-ə qarşı ən azı 30%-ə çatracaq. Bu barədə energetika nazirinin müavini Elnur Soltanov bəyan edib.
“Azərbaycanda bərpa olunan enerji mənbələrinin müəyyən edilmiş gücü bu gün 17% təşkil edir, ümumi həcmdə istehsal isə 6%-ə çatır. Eyni zamanda, ölkədə istehsal edilən elektrik enerjisinin 95%-I təbii qaz hesabına həyata keçirilir. Daha qabaqcıl texnologiyalara keçid çox miqdarda qazı boşaltmağa imkan verir”, Soltanov çərşənbə günü "Azərbaycanda yaşıl transformasiya üzrə dayanıqlı inkişaf məqsədləri üzrə dialoq" konfransında çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, Azərbaycanda ən iri elektrik stansiyası Mingəçevirdə yerləşir və gücü 2400 MVt təşkil edir.
“Lakin bu stansiya sovet dövründən qalıb və buna görə də orada texnologiyalar olduqca köhnəlib və 1 kVt elektrik enerjisi istehsalına 300 qram şərti yanacaq istifadə olunur. Iki il ərzində biz modernləşdirməni həyata keçirməyi və şərti yanacaq sərfini 200 qrama endirməyi planlaşdırırıq. Bundan əlavə, yeni texnologiyalardan istifadə edərək Yaşma elektrik stansiyasının inşasını planlaşdırırıq. Bu layihəyə investisiya böyükdür və biz buraya özəl kapital cəlb etmək istəyirik”, - Soltanov deyib.
Bərpa olunan enerji mənbələrinin inkişafı perspektivlərinə toxunan Soltanov qeyd edib ki, Azərbaycanın potensialı 10 QVt təşkil edir və hazırda Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə müvafiq konsepsiya hazırlayır.
O, həmçinin vurğulayıb ki, Azərbaycan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır. “Amma düşünürəm ki, biz bu göstəricini ötəcəyik”, - nazir müavini vurğulayıb. **
B.Rüstəmbəyov