Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
“Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən təlim Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilir”, - Müdafiə Nazirliyi məlumat verir.
“Təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıbDaimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib”, - nazirlikdən vurğulanıb.
Təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.
“Təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir”, - MN-dən əlavə ediblər. **
R.Kərimov