Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator)2022-ci ilin sonunadək "Gilar" faydalı qazıntıyatağında əlavə kəşfiyyat qazma işləri həyata keçirməyi planlaşdırır.
“Cari il ərzində “Gilar” yatağında almaz qazma üsulu ilə 30 quyu qazılıb. Qazıntı təxminən 300 metr dərinlikdə mis minerallaşmanın üç əsas zonası aşkar edilib. Mineral ehtiyatlarınb ilkin qiymətləndirilməsi 2022-ci ilin dördüncü rübün sonuna yaxın dərc olunacaq”, - AAM-nın məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” şirkətə istinadən məlumat verir ki, bu rayonda iki növ minerallaşma mövcuddur: kvars damarlarında qızılın və hidrotermal məhlullardan qızıl filizinin əmələ gəlməsi.
"Qazıntı dərinliyini nəzərə alınaraq (təxminən 450 metr) həm kəşfiyyat, həm də hasilat üçün yararlı yeraltı giriş planı hazırlanıb. 2022-ci ilin dördüncü rübündə gələcək hasilat üçün də istifadə ediləcək kəşfiyyat tuneli çəkiləcək. Hazırda yataq ərazisində açıq filizləşmənin genişlənmələrinin mövcudluğunu yoxlamaq üçün irimiqyaslı yerüstü geofizika proqramı həyata keçirilir", - məlumatda bildirilir.
“Gilar” Gədəbəy müqavilə ərazisində şirkətin emal gücündən təxminən yeddi kilometr məsafədə yerləşir.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.**
N.Abbasova