Neft emalı zavodlarının yenidən qurulması məqsədilə Azərbaycana gətirilən avadanlıq və materialların daha 2 il müddətinə - 2024-cü ilin sonuna qədər gömrük rüsumundan azad edilməsi planlaşdırılır.
Bu bənd Vergi Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulub.
Parlamentdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hökumət 2021-ci il yanvarın 1-dən qüvvədə olan bu güzəştlərin daha iki il müddətinə uzadılmasını təklif edir.
Güzəştlər xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıq və materiallara şamil edilir.
BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi 2023-cü ilin dekabr ayında bitəcək. BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir. Layihə nəticəsində zavodda Xəzər regionu ölkələrinin bütün neft növlərinin emalı mümkün olacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.
BNEZ SOCAR-ın strukturuna daxildir.
SOCAR 2022-ci ildə BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işlər çərçivəsində dövlət büdcəsindən 214 milyon manat (təxminən $126 milyon) alacaq.*
R.Əhmədov