Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
“Müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib. Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Plana əsasən xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər.
Təlimdə, həmçinin yaşayış məntəqəsində döyüşün aparılması, şərti düşmənin dərinliyinə desant endirilməsi və pusqunun icrası, eləcə də hava yolu ilə qruplara təminatın çatdırılması üzrə fəaliyyətlər də icra olunub.
Z.Həsənov xüsusi təyinatlıların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.*
X.Nəsirzadə