2021-ci ilin iyul ayından 2022-ci ilin iyun ayına qədər Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 4,3% artaraq təxminən 1,1 milyard funt sterlinqə çatıb.
Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Britaniyadan Azərbaycana ixrac 702 milyon funt sterlinq (artım 0,4%), Azərbaycandan Böyük Britaniyaya ixrac 370 milyon funt sterlinq (artım 12,5%) təşkil edib.
Britaniyadan ixracın strukturunda elektrik generatorları (93,7 milyon funt sterlinq və ya bütün əmtəə ixracının 27,4%-i), nəqliyyat vasitələri (47,7 milyon funt sterlinq) və zərgərlik məmulatları (28,3 milyon funt sterlinq) üstünlük təşkil edib.
Azərbaycandan Böyük Britaniyaya neft ixracı 249,6 milyon funt sterlinq (bütün ixracın 81,3%-i), elektrik generatorlarının ixracı 34,7 milyon funt sterlinq, cihaz ixracı 3,8 milyon funt sterlinq dəyərində olub.
Bütövlükdə Böyük Britaniyanın xarici ticarətində Azərbaycanın payı 0,1% təşkil edib.*
R.Kərimov