Azərbaycan hökuməti tələbə kreditinin verilməsi üçün 2023-cü ilin dövlət büdcəsindən 8 milyon manat vəsait nəzərdə tutub. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
“Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 8 milyon manat vəsait nəzərdə tutulur”, - nazirlikdən qeyd ediblər.
Bu kreditlər Təhsil Tələbə Kredit Fondunun xətti ilə veriləcək.
“2021-ci və 2022-ci illərdə ayrılmış vəsaitləri də nəzərə aldıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 110 milyon manat təşkil edəcək”, - nazirlikdən vurğulanıb.
Prezident İlham Əliyev 17 iyun 2021-ci ildə “Təhsil Nazirliyinin tabeliyindəTəhsilin İnkişafı Fondunun yaradılması haqqında” fərman imzalayıb. Fond tələbə kreditlərinin verilməsi ilə məşğul olacaq. Təhsil tələbə kreditinin məbləği təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manata bərabərdir. **
X.Nəsirzadə