Cümə günü Azərbaycan prezidenti İlham Əliyev “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.
Əliyev müəssisədə istehsal olunan zeytun yağlarının nümunələri ilə tanış oldu. Dövlət başçısı zavodu işə saldı, istehsal prosesi və laboratoriyaların işi ilə tanış oldu.
Prezident Əliyev müəssisənin süfrəlik zeytun emalı sahəsi ilə də tanış oldu.
“Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisiMurat Küçükçakır prezidentə məlumat verdi ki, zavodun gücü 4 min ton yağ təşkil edir.
“Biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmalıyıq. Çünki bu, çox vacibdir. Biz iki min ton məhsulu isə ixrac etməyi planlaşdırırıq”, - Küçükçakır deyib.
Həmçinin, o qeyd edib ki, hədəf bir hektardan on ton məhsul almaqdır. Bu il məhsul 2,5 -3 ton ətrafında olacaq.
O bildirib ki, layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb.
Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş müxtəlif sortlardan ibarət zeytun bağları salınıb.
Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa edilmişdir. Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur. **
X.Nəsirzadə