Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyini qeyd edib.
Müdafiə Nazilriyi məlumat verir ki, bu barədə nazir noyabrın 5-də xidməti müşavirədə bəyan edib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, nazir Azərbaycan prezidentinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
“Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib”, - məlumatda deyilir.
Həsənov qeyd edib ki, Hərbi Hava Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin Raket və Artilleriya Qoşunlarının ölkəmizin cənub rayonlarında dislokasiya olunan hərbi hissələrində və Əməliyyat (Komando) bölmələrində olub, buradakı təlim mərkəzlərinə baxış keçirib, bölmələrin praktiki döyüş hazırlığı məşğələlərini izləyib.
“Əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub. Nazir, şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib”, - MN-dən qeyd olunur.
Bundan əlavə, qoşun xidmətinin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin yerinə yetirilməsinin davam etdirilməsi, həmçinin tibbi təminat məsələləri ilə əlaqədar göstərişlər verilib. **
B.Rüstəmbəyov