Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan Respublikası Banklar Assosiasiyası, Qırğızıstan Banklar İttifaqı, Özbəkistan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradıblar.
“Türkdilli dövlətlərin banklar assosiasiyalarının nümayədələri (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə) noyabrın 4-də İstanbul şəhərindəgörüş keçiriblər. Görüş zamanı “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın yaradılması haqqında qərar qəbul olunub və bununla əlaqədər Anlaşma Memorandumu imzalanıb”, - Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat verir.
ABA-nın məlumatına əsasən, Şuranın əsas fəaliyyət istiqamətlərinə üzv ölkələr arasında məhsul və xidmətlərin, kapitalın hərəkətinin mütəşəkkil maliyyə-bank xidmətləri ilə müşayiətinin genişləndirilməsi, türkdilli dövlətlərin maliyyə qurumları arasında birbaşa müxbir münasibətlərin yaradılması da daxil olmaqla, maliyyə xidməti infrastrukturunun müasir informasiya texnologiyaları və beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi daxildir.
Bundan əlavə, Şura çərçivəsində üzvlərin maliyyə-bank qanunvericiliklərinin, o cümlədən normativ sənədlərinin təhlili və onların beynəlxalq standartlara uyğunluğu məsələləri sahəsində birgə əməkdaşlıq, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı sahədə əməkdaşlıq layihələrinin realizasiyası həyata keçiriləcək.
ABA-dan qeyd olunub ki, Şuranın toplantılarının ildə bir və ya iki dəfə olmaqla, növbəlilik prinsipi əsasında Şuraya üzv ölkənin ev sahibliyi ilə təşkili nəzərdə tutulur. **
X.Nəsirzadə