Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Rusiya sülhməramlıları Qarabağda müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir.
“İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək”, - Əliyev çərşənbə axşamı Zəfər Günü münasibətilə hərbçilər qarşısında çıxışında deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı iki il ərzində baş vermiş hadisələr göstərdi ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verməyə hazırdır.
“Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır”, - prezident bildirib.
Əliyev əlavə edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağda müvəqqəti yerləşib, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir. Eyni zamanda, o qeyd edib ki, əgər Ermənistan tərəfi kiməsə bel bağlayırlarsa, “yenə də faciə ilə üzləşəcəklər”. **
R.Əhmədov