ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edir və tərəflərə hansısa bir sazişi zorla qəbul etdirməyə çalışmır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz vasitəçi qismində çıxış edirik. Biz tərəflərin görüşü (7 noyabrda Azərbaycan və Ermənistan XİN başçılarının) üçün gün ərzində məkan (Blair House) təşkil etdik. Bizim gördüyümüz iş iki tərəfin bir araya gəlməsi üçün məkan və ya fürsət yaratmaqdır ki, tərəflər fikir ayrılıqlarını müəyyən etsin və onları aradan qaldırmağa cəhd etsin. Dünən hər iki tərəfin görüşməsi, bir sıra fikir ayrılıqlarını müəyyən etməsi, birgə bəyanatla bağlı razılığa gələ bilməsi baxımından müsbət gün olub. Onlar növbəti həftələrdə davamlı görüşlər, birbaşa dialoq və diplomatiya haqqında razılığa gələ biliblər. Bu, bizim üçün olduqca vacibdir”, - deyə Prays bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan arasında davamlı sülhün necə olacağını təyin etmək Vaşinqtonun işi deyil.
“Biz tərəflərə hazır sənəd təqdim etmirik. Biz diplomatiyada onlara kömək üçün əlimizdən gələn hər şeyi edirik”, - deyə Dövlət Departamentinin sözçüsü qeyd edib.
Onun sözlərinə görə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti davam etdirməsi faktı daha əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, öz-özlüyündə cəsarətli addımdır.
Prays tərəflərin bu ilin sonunadək sülh müqaviləsi imzalama ehtimalı ilə bağlı suala belə cavab verib: “Bu, onların verəcəyi qərardır. (...) nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparmaq imkanından faydalandılar və həlli vacib olan bir sıra məsələlərin olduğunu etiraf edirlər. Lakin onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər. Biz tərəflərin dayanıqlı sülhə mümkün qədər tez nail olmaq istiqamətində irəliləyiş əldə etməsi üçün əlimizdən gələni edəcəyik”,- deyə o əlavə edib.*
R.Kərimov